Futbol üzrə Cənubi Koreya milli komandasının baş məşqçisi Paulo Bento istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Federasiyasının (KFA) rəsmi saytı məlumat yayıb.
Xəbərdə 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırlıb. Bento ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.
Xatırladaq ki, Paulo Bento 2018-ci ilin avqust ayından Cənubi Koreya yığmasında işləyirdi. O, bu komandanı bütövlükdə 57 oyuna çıxarıb. Koreyalılar bu görüşlərdə 35 qələbə qazanıblar, 13 heç-heçə ediblər və 9 məğlubiyyətlə üzləşiblər. Cənubi Koreya yığması Bentonun rəhbərliyi altında qatıldığı Qətərdəki DÇ-2022-də 1/8 finala qədər irəliləsə də, bu mərhələdə Braziliya yığmasına 1:4 hesabıyla məğlub olub.
Bento daha öncə Portuqaliya yığmasında da baş məşqçi kimi çalışıb. Portuqaliyalı mütəxəssis “Sportinq”, “Kruzeyro”, “Olimpiakos” və “Çonqqinq Lifan” klublarının da baş məşqçisi olub.