Paulo Dibala finalı buraxa bilər – Joze Mourinyo açıqladı

İtaliyanın “Roma” komandasının argentinalı hücumçusu Paulo Dibala Avropa Liqasının İspaniya “Sevilya”sı ilə final oyununu buraxa bilər.

Arena.az xəbər verir ki, bu barədə “canavarlar”ın baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında məlumat verib.

Portuqaliyalı mütəxəssisin sözlərinə görə, zədəsi olan hücumçunun durumu o qədər də yaxşı deyil: “Oynaya biləcəyini zənn etmirəm. Dürüst olmaq lazımdırsa, ən azından ehtiyat oyunçular arasında yer almasına ümid bəsləyirəm. Paulo bizimlə olarsa və az da olsa, oynaya bilsə, sevinərəm”.

Xatırladaq ki, Paulo Dibala bu mövsümün əvvəlində “Yuventus”dan azad agent kimi ayrılaraq “Roma” ilə müqavilə bağlamışdı. O, cari mövsümdə meydana çıxdığı 36 oyunda 16 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Lakin tez-tez zədələnən futbolçuya bu amil böyük problemlər yaratmaqda davam edir. Argentinalı futbolçu karyerası ərzində daha öncə “Yuventus”dan başqa “Instituo” və “Palermo”nun da formasını geyinib.

İtaliya A Seriyasında da UEFA Çempionlar Liqası iddiasını davam etdirən “Roma” bu gün – mayın 27-də 11-ci pillədə olan “Fiorentina” ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ölkə çempionatında mövsümü “Fiorentina” və “Spetsiya”ya qarşı keçirəcəyi oyunlarla tamamlayacaq. Bu oyunlardan qalib ayrılacağı halda komanda ÇL-ə vəsiqə qazanmaq üçün əsas rəqiblərinin xal itirməsini gözləyəcək.

“Roma”nın “Sevilya”ya qarşı keçirəcəyi Avropa Liqasının final qarşılaşması mayın 31-də Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. “Puşkaş Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Oyunu İngiltərədən olan FİFA referisi Entoni Teylor idarə edəcək.