Paulo Dibala rəsmən “Roma”da!

Bu yay “Yuventus”dan azad agent kimi ayrılan Argentina yığmasının hücumçusu Paulo Dibala karyerasını “Roma”da davam etdirəcək. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Dibala yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edirdi. Argentinalı futbolçu həmin vaxt “Palermo”dan Turin klubuna transfer olunmuşdu. Dibala geridə qalan mövsümdə bu komandanın heyətində meydana çıxdığı 38 oyunda 115 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Yuventus” karyerası ərzində isə bütövlükdə 293 matçda 115 qola imza atıb. Argentina yığmasında 34 oyun keçirmiş hücumçu, cəmi 3 qol müəllifi olub.

Yeri gəlmişkən, ötən gün niderlandlı müdafiəçisi Matteys de Liqti Almaniya çempionu “Bayern”ə satan “Yuventus” heyətinə yeni futbolçu cəlb edib. Turin klubu bu şəhərin digər təmsilçisi – “Torino”nun müdafiəçisi Qleyson Bremeri transfer edib. Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. Braziliyalı futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Turinə gəlib. “Yuve” bu transferə görə qarşı tərəfə 41 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Bremer “Torino”nun heyətində 110 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. O, ötən mövsümün sonunda A Seriyasının ən yaxşı müdafiəçisi seçilmişdi. Bremer “Torino”dan əvvəl bir mövsüm də “Atletiki Mineyro”nun formasını geyinib.