Paulo Fonseka “Milan”ın baş məşqçisi təyin edildi – Rəsmi

Portuqal mütəxəssis Paulo Fonseka İtaliya A Seriyasında mübarizə aparan “Milan” komandasının baş məqşçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Milan” portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Fonseka “rossoneri” ilə əməkdaşlığı müqabilində ildə 3,5 milyon avro məbləğində qazanc əldə edəcək.

Fonseka “Milan”ın baş məşqçisi postunda ötən mövsüm bitən kimi komandadan ayrılmış Stefano Piolini əvəz edib.

Xatırladaq ki, Fonsekanın son iş yeri “Lill” olub. Portuqal mütəxəssis “itlər”in başına 2022-ci ilin iyul ayında keçib və 2024-cü ilin iyun ayının əvvəlində fransız klubundan ayrılıb. Fonseka “Lill”i ümumilikdə 90 oyuna çıxarıb, 45 qələbə, 26 heç-heçə, 19 məğlubiyyət yaşayıb. Top fərqi isə 162:98 nisbətindədir.

“Lill” Fonsekanın rəhbərliyi altında geridə qalmış 2023/2024-cü illər mövsümündə Fransa Liqa 1-i 59 xalla yarış cədvəlinin 4-cü pilləsində başa vurub. Sözügedən komanda növbəti mövsümdə Çempionlar Liqasının təsnifat mərhələsində iştirak hüququ qazanıb.

Məşqçilik fəaliyyəti ərzində Paulo Fonseka “Eştrela” (Amadora), “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” komandalarını çalışdırıb.

Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir. “Milan” Fonsekanın qarşısında komandanın iddialarını həyata keçirmək kimi sadə, amma çətiin vəzifə qoyub.