“Paxtakor”un satışından imtina edilməsinin səbəbi məlumdur

Özbəkistan futbolunun flaqmanı “Paxtakor” klubunun satışından imtina edilməsinin səbəbi haqda məlumat sızıb.

Arena.az bu barədə “Gazeta” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Daşkəndin mərkəzində “Paxtakor” stadionunun yerində dəbdəbəli yaşayış binalarının tikintisi ilə bağlı şayiələr yayıldıqdan sonra rəhbərlik klubun satışını dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, “Paxtakor” stadionu Özbəkistan klubu ilə birlikdə yanvarın 17-də satışa çıxarılsa da, artıq ayın 19-da rəhbərlik komandanı satmamaq qərarına gəlib.

“Paxtakor” 1956-cı il aprelin 8-də yaradılıb. SSRİ dönəmində də Özbəkistanın futbol flaqmanı olan Daşkənd komandası ölkənin ən məşhur klublarından biridir. Sözügedən komanda 15 dəfə Özbəkistan çempionu, 13 dəfə Özbəkistan Kubokunun, 1 dəfə Özbəkistan Super Kubokunun qalibi olub.

Vurğulayaq ki, hazırda Özbəkistanın ən məşhur klubunun səhmlərinin 100%-i də dövlətə məxsusdur.