Paytaxt klubu Lukakunu icarəyə verdi

İtaliyanın “Latsio” klubu futbolçusu Cordan Lukakunu icarəyə verib. Arena.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bundan sonra “Viçensa”da çıxış edəcək.

Bu barədə B Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı oyunçu mövsümün sonuna qədər icarəyə götürülüb.

Cordan Lukaku “Çelsi”nin hücumçusu Romelu Lukakunun kiçik qardaşıdır. O, 2016-cı ildən “Latsio”da çıxış edir. Bu mövsüm paytaxt təmsilçisində heç bir rəsmi matça çıxmayan müdafiəçi, ötən mövsümdə də “Antverpen” klubuna icarəyə verilmişdi. Cordan “Latsio”da bütövlükdə 85 matça çıxıb, 1 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Belçika yığmasında 8 oyun keçirmiş futbolçu, İtaliya karyerasından öncə “Ostende” və “Anderlext”in uğurları üçün çalışıb.