Pedro Malyeyro “Trabzonspor”da – Stefan Saviç də gəlir

Portuqaliyanın “Boavişta” klubunun sağ cinah müdafiəçisi Pedro Malyeyro bundan sonra “Trabzonspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı portuqaliyalı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb. Trabzon təmsilçisi bu keçidə görə “Boavişta”ya 2 milyon avro ödəyəcək. Bu məbləğ Portuqlaliya klubuna üç hissədə ödəniləcək. Futbolçunun gələcək satışından əldə olunacaq gəlirin də 10 faizi “Boavişta”ya çatacaq.

Malyeyro “Trabzonspor”dakı ilk ilində 830 min avro qazanacaq. 2025/2026 və 2026/2027 mövsümlərində də 830 min avro alacaq futbolçunun 2027/2028 mövsümündəki qazancı 882 min avroya çatdırılacaq. Klub 2028/2029 mövsümündə də futbolçunun bu komandada qalmasını istəsə, ona 986 min avro maaş ödəyəcək.

Tam adı Pedro Xorxe Qonsalves Malyeyro olan müdafiəçi peşəkar karyerasına məhz “Boavişta”da başlayıb. Bir müddət “Vilyaverdense”də də oynamış futbolçu “Boavişta”nın heyətində 79 oyuna çıxıb, 2 qol və 8 assistlə yadda qalıb.

Pedro Malyeyro Portuqaliyanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, Madrid “Atletiko”sunun 33 yaşlı müdafiəçisi Stefan Saviç də “Trabzonspor”un futbolçusu olacaq. Monteneqrolu futbolçu Türkiyə klubu ilə müddəti 2027-ci ilin iyununa qədər qüvvədə olacaq müqavilə imzalayacaq. İspaniya klubu onu azad agent kimi buraxmağa razılıq verib. Onun “Atletiko” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında bitməlidir. Transferin tezliklə rəsmən açıqlanması gözlənilir.

Xatırladaq ki, Stefan Saviç 2015-ci ildə “Fiorentina”dan 12 milyon avro qarşılığında keçdiyi “Atletiko”da 297 oyun keçirib, 3 qol və 3 assistlə yadda qalıb. “Fiorentina”, “Partizan”, “Borça” və “Mançester Siti”də də oynamış təcrübəli müdafiəçi Monteneqro yığmasında 74 oyuna 9 qol vurub.