Peke “Sevilya”ya keçdi, 5 futbolçu ilə yollar ayrıldı

İspaniyanın “Rasinq” klubunun hücumçusu Jerar Fernandes Kastelyano (Peke) bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı ispan futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Sevilya” bu transfer üçün 4 milyon avrosundan keçib.

Peke ləqəbi ilə tanınan hücumçu “Barselona”nın futbol akademiyasından çıxıb. O, 2022-ci ildə məhz Kataloniya təmsilçisindən azad agent kimi “Rasinq”ə keçmişdi. Hücumçu bu komandanın heyətində 65 oyuna çıxıb, 20 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Sevilya” öz oyunçularından da bir neçəsi ilə yollarını ayırıb. Mərkəz müdafiəçisi Federiko Qattoni “River Pleyt”ə icarəyə verilib. Argentina klubu 25 yaşlı futbolçunu satınalma şərti ilə heyətinə qatıb. İcarə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Argentinanın “San Lorenso” klubunun yetirməsi olan Qattoni, “Sevilya”ya 2023-cü ilin yanvarında 1,4 milyon avro qarşılığında keçmişdi. O, bu komandanın heyətində cəmi 4 oyuna çıxıb və 1 qol vurub. Geridə qalmış mövsümün ikinci dövrəsində isə o, Belçika “Anderlext”ində icarədə olub.

İspaniyalı hücumçu Rafa Mir də “Valensiya”ya icarəyə verilib. “Valensiya” 27 yaşlı futbolçunu satınalma şərti ilə 2024/2025 mövsümünün sonuna kimi icarəyə götürüb.

Rafa Mir “Ranero”, “Barselona”, “Mursiya” və “Valensiya” futbol akademiyalarından keçib. “Valensiya” onu 2018-ci ilin yanvarında İngiltərənin “Vulverhempton” klubuna 2 milyon avroya satıb. İngiltərə klubunda olarkən “Las Palmas”, “Nottingem Forest” və “Hueska”ya icarəyə verilmiş Mir, 2021-ci ilin avqustunda 16 milyon avro qarşılığında “Vulverhempton”u “Sevilya”ya dəyişib. O, La Liqa təmsilçisinin heyətində 105 oyuna çıxıb, 24 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Rafa İspaniyanın U-21 və U-23 yığmalarında da çıxış edib.

“Sevilya” 5 futbolçusu ilə də birdəfəlik vidalaşıb. Belə ki, La Liqa təmsilçisi müqavilələrinin müddəti bitən hücumçular Mariano Dias, Alexo Velis, dayaq yarımmüdafiəçiləri Lüsyen Aqume, Bubakari Sumare və hücumameyilli yarımmüdafiəçi Hannibal Meybri ilə yeni sözləşmə imzalamayıb. İspaniya klubu onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: