Pelleqrino Mataratso yenidən “Hoffenhaym”da!

Son olaraq Almaniyanın “Ştutqart” komandasının baş məşqçisi olmuş ABŞ-dan olan mütəxəssis Pelleqrino Mataratso özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssis bundan sonra Bundesliqanın digər təmsilçisi “Hoffenhaym”a rəhbərlik edəcək.

Bu barədə “Hoffenhaym”ın rəsmi saytı məlumat yayıb. Amerikalı mütəxəssisin 2025-ci ilin yayına kimi bu komandanı çalışdıracağı diqqətə çatdırılıb. Mataratso uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilmiş Andre Braytenrayteri əvəz edib. Hansı ki, o, 2022-ci ilin iyul ayından “Hoffenhaym”a rəhbərlik edirdi. Almaniyadan olan 49 yaşlı mütəxəssis bu komandanı 22 rəsmi matça çıxarıb. Komanda bu matçlarda 7 qələbə qazanıb, 4 heç-heçə edib, 11 məğlubiyyətlə üzləşib.

“Hoffenhaym” bu mövsüm Bundesliqada 19 oyuna topladığı 19 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Pelleqrino Mataratso isə 2019-cu ilin dekabrından rəhbərlik etdiyi “Ştutqart”dan 2022-ci ilin oktyabr ayında ayrılandan bəri işsiz idi. O, bu komandanı 100 matça çıxarıb. Bu oyunlarda 31 qələbə qazanmış “Ştutqart”, 29 heç-heçə edib, 39 məğlubiyyətə üzülüb.

Mataratso daha öncə də “Hoffenhaym”da çalışıb. O, 2017-2018-ci illər aralığında klubun əvəzedici komandasına rəhbərlik edibsə, 2019-cu ilə qədər də əsas komandada köməkçi məşqçi kimi fəaliyyət göstərib. O, “Hoffenhaym”dan öncə “Nürnberq”in ikinci komandasında da köməkçi məşqçi kimi çalışıb.