Türkiyə Super Liqasında mübarizə aparan “Pendikspor” klubu baş məşqçi İvo Vieryranı istefaya göndərib və onu İbrahim Üzülməz ilə əvəz edib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyadan olan 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edən elita təmsilçisi Vieyraya gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, İvo Vieyra 2023-cü ilin oktyabr ayından bu komandaya rəhbərlik edirdi. Super Liqa təmsilçisi onun rəhbərliyi altında 21 oyun keçirib. Bu oyunlardan 7-si qələbə, 4-ü heç-heçə ilə bitib. 10 görüşdə isə məğlubiyyət qeydə alınıb.
Artıq İstanbul klubu yeni baş məşqçisini də müəyyənləşdirib. Komandaya bundan sonra İbrahim Üzülməz rəhbərlik edəcək. 49 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmır. Amma böyük ehtimalla tərəflər bu mövsümün sonuna kimi anlaşıblar.
İbrahim Üzülməzin sonuncu iş yeri “Eyüpspor” olub. O, 2022-ci ilin mayından rəhbərlik etdiyi bu klubdan 2023-cü ilin martında ayrılıb və həmin vaxtdan bəri işsiz idi. Üzülməz daha öncə “Ankaragücü”, “Buraspor”, “Gənclərblirliyi”, “Rizəspor”, “Qaziantepspor”, “Elazığspor” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Pendikspor” bu mövsüm Super Liqada 27 oyun keçirib ki, onlardan 13-ü məğlubiyyətlə yekunlaşıb. Qalan görüşlərdə 6 qələbə, 8 heç-heçə qeydə alınıb. Komanda 26 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb və Super Liqanı tərk etməyə əsas namizədlərdən hesab olunur.