Pepe: “Arsenal” əla komandadır, amma bəxti gətirdi”

“Portu”nun məşhur müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 finalında London “Arsenal”ı ilə cavab oyununu şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda evdə “topçular”a 1:0 hesabı ilə qalib gəlmiş “Portu”, Londonda eyni hesabla məğlub olaraq, penaltilər silsiləsində də yenilib (2:4) və yarışda iştirakına xitam verib.

Pepenin bu oyun barədə fikirlərini təqdim edirik:

“Belə məğlub olmaq acıdır, amma bu, oyunun bir hissəsidir. İlk oyunda “Arsenal”a fəsad yaratdıq, cavab oyununda isə onlar qapıya ilk zərbələri ilə qol vurdular. Əla oynadıq, amma təəssüf ki, mərhələ adlamadıq. “Arsenal” İngiltərə Premyer Liqasında çox qol vuran möhtəşəm komandadır, biz bunu unutmamışdıq. Amma biz öz futbolumuzu nümayiş etdirməyə gəlmişdik. Nə etdiyimizi bilirdik, amma təəssüf ki, qol vura bilmədik. Onların isə bəxti gətirdi”.

Xatırladaq ki, Pepe əslən braziliyalıdır və “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulub. Tərəflər arasında müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.

Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır.

Cari mövsümdə müdafiəçi “Portu”nun heyətində bütün yarışlarda 28 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 134 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib. “Qoca” milli yığma komandada çıxışlarını hələ də davam etdirir.

“Transfermarkt” internet-portalı 40 yaşlı Pepenin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.