Pepe – ÇL-in pley-off mərhələsinin ən yaşlı futbolçusu!

Çempionlar Liqasının 1/8 final mərhələsində “Arsenal”a qarşı ilk, ev oyunu (1:0) “Portu”nun mərkəz müdafiəçisi Pepe üçün əlamətdar olub.

Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, məşhur müdafiəçi Çempionlar Liqasının ələmə mərhələrində meydana çıxmış ən yaşlı futbolçu olub.

Oyunun keçirildiyi 21 fevral günü portuqal oyunçu 40 yaş 360 günlüyündə olub.

Pepe əslən braziliyalıdır və “Korintians Alaqoano” klubunun yetirməsidir. Müdafiəçi daha əvvəl çıxış etdiyi “Portu”ya 2019-cu ilin yanvarında azad agent qismində qoşulub. Tərəflər arasında müddəti 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var. Pepenin karyerasının ən məhsuldar dövrü və püxtələşərək tanınması “Real”ın adı ilə bağlıdır.

Cari mövsümdə müdafiəçi “Portu”nun heyətində bütün yarışlarda 23 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə verib.

Pepe 2007-ci ilin noyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 134 oyuna 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 40 yaşlı Pepenin transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.