Pepe Reyna karyerasını başa vurmağa qərar verdi

İspaniya millisinin sabiq üzvü, İtaliyanın “Komo” klubunun qapıçısı Pepe Reyna cari mövsümün sonunda karyerasını başa vuracaq.

Arena.az xəbər verir ki, bu barədə təcrübəli futbolçunun özü açıqlama yayıb.

42 yaşlı qapıçının son matçı İtaliya A Seriyasının 38-ci turu çərçivəsində keçiriləcək “Komo” – “İnter” qarşılaşması olacaq. O, karyerasını bitirdikdən sonra “Vilyarreal”ın akademiyasında çalışmağa başlayacaq.

Xatırladaq ki, “Komo” Pepeni ötən ilin yayında İspaniyanın “Vilyarreal” klubundan azad agent kimi ayrıldıqdan sonra heyətinə cəlb etmişdi. 42 yaşlı ispan qolkiperlə həmin vaxt 1 illik müqavilə imzalanmışdı. Reyna İtaliya klubunun heyətində 12 oyuna çıxıb, 14 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Pepe Reyna “Barselona” akademiyasının məzunudur. İspan qapıçı peşəkar karyerasına 1999-cu ildə “blauqrana”da başlayıb. 2002-ci ildə Reyna iki dəfə İntertoto kubokunun qalibi olduğu “Vilyarreal”a keçib. 2005-ci ildə ispan qapıçı “Liverpul” tərəfindən alınıb, 2014-cü ildə isə “Bayern”ə keçib. Reyna 2022-ci ilin yayında “Vilyarreal”a qayıdıb.

İspan qapıçı həmçinin İtaliyada “Napoli”, “Milan” və “Latsio”da, İngiltərədə “Aston Villa”da çıxış edib. İspaniya yığması ilə Pepe Reyna 2 dəfə Avropa çempionu (AÇ-2008, AÇ-2012), bir dəfə isə dünya çempionatının (DÇ-2010) qalibi olub.

Pepe Reyna 2005-ci ilin avqsunda debüt etdiyi İspaniya yığmasının heyətində 36 oyun keçirib, 21 qol buraxıb, eyni sayda da “quru” oyunla fərqlənib.

“Transfermakt” internet-portalı 42 yaşlı ispan veteran qapıçı Pepe Reynanın trasnfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.