Futbol üzrə İspaniya milli komandasının sabiq qapıçısı Pepe Reyna İtaliyanın “Latsio” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 39 yaşlı qolkiper bundan sonra karyerasını sabiq klubu “Vilyarreal”da davam etdirəcək.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Təcrübəli qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Pepe Reyna 2020-ci ildən “Latsio”da çıxış edirdi. O, bu komandanın heyətində iki mövsüm ərzində 54 matça çıxıb. “Barselona”nın yetirməsi olan, peşəkar karyerasına da bu komandada başlamış futbolçu, 2002-ci ildə Kataloniya təmsilçisindən ayrılaraq “Vilyarreal”a keçib. O, üç mövsüm ərzində bu komandada 147 matça çıxdıqdan sonra 2005-ci ildə İngiltərənin “Liverpul” klubuna transfer olunub. Təxminən 10 ilə yaxın “qırmızılar”ın uğurları üçün çalışmış qolkiper, 2013/14 mövsümündə İtaliyanın “Napoli” klubuna icarəyə verilib. 2014/15 mövsümünü Almaniyanın “Bayern” klubunda keçirən ispan qapıçı, 2015-2018-ci illər aralığında yenə “Napoli”nin uğurları üçün çalışıb. 2018-2020-ci illər aralığında “Milan”da olan futbolçu, “Latsio”dan əvvəl qısa müddət “Aston Villa”da da oynayıb. Reyna İspaniya yığmasında da 36 oyun keçirib.
Yeri gəlmişkən, “Vilyarreal” Reynanın gəlişi ilə yanaşı, öz qapıçısı Serxio Asenxo ilə də yollarını ayırıb. 33 yaşlı futbolçu da sabiq klubu “Valyadolid”ə qayıdıb. Bu barədə braziliyalı əfsanənin – Ronaldonun sahibi olduğu klubun rəsmi saytı məlumat yayıb. Azad agent qimində heyətə cəlb olunan “çərçivə” qoruyucusu ilə müddəti 2024-cü ilin yayına qədər olan anlaşma imzalanıb.
Serxio Asenxo məhz “Valyadolid”in yetirməsidir. O, peşəkar karyerasına start verdiyi bu komandada 2009-cu ilə qədər oynadıqdan sonra Madrid “Atletiko”suna transfer olunub. Amma paytaxt klubunda az forma şansı qazanan qolkiper, əvvəlcə “Malaqa”da, daha sonra “Vilyarreal”da icarədə olub. 2014-cü ildə isə Asenxo birdəfəlik “Vilyarreal”a transfer olunub. Bu komandanın heyətində ümumilikdə 258 matça çıxan qapıçı, 84 görüşdə qapısını toxunulmaz saxlayıb. O, 2020/21 mövsümündə “Vilyarreal”la Avropa Liqasının qalibi də olub.
