Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi İvan Perişiç bundan sonrakı karyerasını Niderlandın PSV klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə Eyndhoven təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı yarımmüdaifəçinin müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulub. Perişiç yeni klubuna azad agent kimi keçib.
Təcrübəli oyunçu son olaraq ölkəsində “Hayduk”un uğurları üçün çalışıb. O, baş məşqçi Cennaro Qattuzo ilə münaqişə səbəbindən bu yay komandadan azad agent kimi ayrılmışdı.
Xatırladaq ki, Perişiç karyerasının yeniyetməlik və erkən gənclik illərini Xorvatiyanın “Dalmatinats” və “Hayduk” (Split) klublarında keçirib. Buradan Fransa “Soşo”suna keçmiş İvan, ardınca Belçikanın “Ruselare” klubuna icarəyə verilib. Oyunu ilə “Brügge”nin diqqətini çəkmiş futbolçunu “qara-mavilər” heyətinə qatıblar. Daha sonra Dortmund “Borussiya”sı, ardınca isə “Volfsburq” Perişiçin xidmətindən istifadə ediblər. 2015-ci ildə isə Perişiç “İnter”ə keçib və 2022-ci ilə qədər İtaliya nəhənginin heyətində oynayıb. Bu müddətdə “İnter” Perişiçi “Bayern”ə icarəyə göndərib. Buradan isə İvan İngiltərəyə keçib. Perişiç “Tottenhem”ə 2022-ci ilin iyulunda qoşulub. O, “Tottenhem”də bütövlükdə 50 oyuna 1 qol vurub, 14 assist edib. Yarımmüdafiəçi 2024-cü ilin yanvarında “Hayduk”a qayıtmışdı.
Perişiç “Borussiya” ilə Bundesliqanın (2011/2012) və Almaniya Kubokunun (2011/2012), “Volfsburq”la Almaniya Kubokunun (2014/2015) və Almaniya Super Kubokunun (2015), “Bayern”lə Bundesliqanın (2019/2020), Almaniya Kubokunun (2019/2020) və UEFA Çempionlar Liqasının (2019/2020), “İnter”lə A Seriyasının (2020/2021), İtaliya Kubokunun (2021/2022), İtaliya Super Kubokunun (2021) qalibi olub.
Təcrübəli vinger 2011-ci ildə debüt etdiyi Xorvatiya yığmasında 136 oyun keçirib, 33 qol vurub, 30 məhsuldar ötürmə verib. Oyun sayına İvan yığmada 3-cü, qol sayına görə isə 2-ci nəticəyə sahibdir.
Perişiç Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb, həmçinin 2022/2023 mövsümü UEFA Millətlər Liqasının finalçısı olub.


