Peşəkar futbolda yenilik – mavi vərəqə tətbiq ediləcək

Peşəkar futbolda yeniliyin – mavi vərəqənin tezliklə oyunlarda tətbiq edilməsi haqda məlumat gündəmə çevrilib.

Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.

Mənbə bildirir ki, dəyişiklik Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən sin-bin (bəzi idman növlərində, qaydalara zidd davranmış oyunçunun meydan xaricinə göndərilə biləcəyi sahə) protokollarına əsasən elan ediləcək. Oyunçular qəsdən qayda pozuntusuna yol verərsə və ya oyun rəsmisi ilə razılaşmasalar, 10 dəqiqə müddətinə meydandan qovulacaqlar. Həmçinin bildirilir ki, oyun zamanı 2 mavi vərəqə və ya sarı və mavinin cəmi zamanı oyunçu qırmızı vərəqə almalıdır.

Protokollar əlavə təkmilləşdirmə tələb edərsə, yüksək səviyyəli yarışlar yeniliyin peşəkar oyunlarda ilkin sınaqlarından istisna ediləcək. Amma eyni zamanda vurğulanır ki, yeniliyin yüksək səviyyəli komandaların oyunlarında sınağı artıq yayda başlaya bilər. Bu, İngiltərə Kubokunda və Qadınların İngiltərə Kubokunda tətbiq edilə bilər. İngiltərə Futbol Assosiasiyası (The FA) bu yarışları növbəti mövsümdə sınaqlara cəlb etməyi nəzərdən keçirəcək.

Məqsədyönlü qayda pozuntusuna misal olaraq İtaliya yığmasının müdafiəçisi Corco Kyellininin AÇ-2020-nin finalında İngiltərə yığmasının futbolçusu Bukayo Sakanın köynəyini çəkməsi və buna görə yalnız sarı vərəqə alması halı göstərilib.