Fransa yığmasının sabiq yarımmüdafiəçisi Emmanuel Peti “Əl-Nəsr”ın portuqal hücumçusu və kapitanı Kristiano Ronaldo haqda söhbət açıb.
Arena.az “TVkampen”ə istinadən məlumat verir ki, Peti veteran Ronaldonun dünya futboluna təsiri barədə danışıb:
“Kristiano Ronaldonun haradan gəldiyinə və bu gün, 39 yaşında harada olduğuna baxsanız, o, futbol tarixində ən yaxşı nümunə sayıla bilər.
O, “Sportinq”dən gəlib və ulduz oyunçu olmaq üçün addım-addım yüksəlib, bacardığı qədər yüksək səviyyədə qalmaq iddialarına da sahib idi. O, bütün rekordları qırmağı qarşısına məqsəd qoyub və buna nail olub.
Onun böyük bir eqosu var, amma bu eqo onu hər gün ola biləcəyinin ən yaxşısı olmağa sövq edirdi. O, 15 illik ölçü müəyyənləşdirib və mənim ona böyük hörmətim var.
Mən təkcə zirvələrə qalxmaq deyil, həm də orada qalmaq istəyən idmançılara hörmət edirəm. Zehniyyəti və fiziki tərəflərinə gəldikdə, Kristiano Ronaldo belə nümunəni göstərir”, deyə Emmanuel Peti vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.