Mövsüm bitən kimi heyətlə bağlı ciddi islahatlara start verən “Səbail”də Petro Stasyuk da komandadan göndərilib.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Səbail” rəhbərliyi Petro Stasyukla yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Petroya xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Petro Stasyuk “Səbail”ə mövsümün əvvəlində, 2022-ci ilin avqust ayında cəlb olunmuşdu. Ukraynadan olan 28 yaşlı sol cinah müdafiəçisi “dənizçilər”in heyətində meydana çıxdığı 34 oyunda 4 məhsuldar ötürmə və 4 sarı vərəqə ilə yadda qalıb. O, daha öncə ölkəsində “Mariupol”, “Minay”, “Skala”, “Balkanı” və “Jemçujina” (Odessa) kimi klublarda da forma geyinib.
Sonda onu da vurğulayaq ki, “Səbail” Stasyukdan əvvəl Luvaqa Kizito, Qoba Zakpa, Qustavo de Fransa, Franko Mazurek, Emil Martinov və Ruslan Hacıyevlə də yollarını ayırmışdı. Paytaxt klubu hələlik yalnız müdafiəçi Vüqar Həsənovla yeni müqavilə imzalandığını açıqlayıb.