PFL “Insports”la əməkdaşlığa başladığını rəsmən açıqladı

Azərbaycan Peşəkar Futbol Liqası (PFL) və “Insports.tv” beynəlxalq internet yayım şirkəti arasında əməkdaşlığa dair rəsmi müqavilə imzalanıb. Arena.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bundan sonra Azərbaycan Premyer Liqası və Birinci Divizion oyunlarının internet üzərindən yayımı yalnız “Insports.tv” saytı və tətbiqində mümkün olacaq. Əməkdaşlıq müqaviləsi 2022/2023 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Xatırladaq ki, Peşəkar Futbol Liqası ilə “Insports.tv” arasında danışıqlara start verildiyi hələ 2022-ci ilin dekabr ayında açıqlanmışdı. Bu səbəbdən test məqsədiylə Azərbaycan Premyer Liqasında bəzi oyunların internet üzərindən yayımı “insports.tv” saytı və tətbiqi vasitəsilə həyata keçirilmişdi. Buna qədər çempionat matçları PFL-in rəsmi “Youtube” kanalında göstərilirdi.

Sonda onu da xatırladaq ki, “InStat” şirkətinin tərkibində olan “Insports.tv” 2018-ci ildən fəaliyyət göstərir. Şirkət müxtəlif ölkələrin futbol, futzal, reqbi kimi bir sıra idman növlərinin çempionatlarını internet üzərindən canlı yayımlayır.