Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Ağsu və Yevlax şəhərlərinə səfər ediblər.
Arena.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, səfərin ilk dayanacağı Ağsu rayonu olub. Burada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və Birinci Liqada debütə hazırlaşan “Difai Ağsu” klubunun rəhbərliyi ilə görüş keçirilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb, atılmış və planlaşdırılan addımlar müzakirə edilib. Ardından klub rəhbərliyi ilə birgə stadiona baxış keçirilib. İşlərin gedişindən məmnunluq ifadə edilib və müəyyən qeydlər diqqətə çatdırılıb.
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də Birinci Liqaya dönüş edən Azərbaycan futbolunun tarixi klublarından olan “Karvan” klubunun rəhbərliyi ilə görüş keçirilib. Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib. Stadionun durumu, eləcə də tikilməkdə olan baza haqda məlumat verilib. Görülən işlər qənaətbəxş hesab edilib və PFL rəsmiləri tərəfindən tövsiyələr verilib.


