Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatmasından sonra PFL rəsmiləri jurnalistlərin suallarını cavablandırıblar.
Arena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətiriblər:
- İkinci və üçüncü yerlərin sahibləri üçün medallar olmayacaq. Bu, Premyer Liqaya aiddir, yoxsa digər liqalara?
Elgiz Abbasov: Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər liqasında ikinci və üçüncü yerləri tutmuş komandalara medallar təqdim olunmayacaq. Beynəlxalq təcrübədə bununla bağlı araşdırma apardıq və nəticəyə gəldik ki, ancaq qızıl medalçılara medalların verilməsi məqsədəuyğundur. Eyni zamanda, siz jurnalistlər mükafatlandırma üçün mövsümün son oyununu gözləmək məcburiyyətində qalmayacaqsınız. Təqvimlə mümkündürsə, komandanın çempionluqdan sonrakı ilk ev oyununda qızıl medallar təqdim olunacaq. Mümkün olmasa, son turda veriləcək.
- Birinci və İkinci Liqanın yayım məsələləri var. Futbolun kütləviləşdirilməsi yönündə hər hansı bir görüşün telekanallar vasitəsilə canlı yayımlanması və yaxud media nümayəndələrinin oyunları daha yaxşı işıqlandırması üçün hər hansı bir planınız varmı?
Aslan Şahgəldiyev: İstənilən bir tədbir işıqlandırılmayanda kölgədə qalır. Birinci Liqa ilə bağlı planlarımız böyükdür. Ən azı bütün oyunları “Youtube” kanalımızda yayımlamağı düşünürük. İkinci Liqanın oyunlarını canlı vermək imkanımız olacağını düşünmürəm. Çünki iş yükümüz həddindən çox artıb. Əməkdaşlar baxımından çatdırmaq məsələsi var. Amma icmalları PFL-in “Youtube” kanalında yerləşdirməyi düşünürük. Eyni zamanda, Sənan Abdullayevlə Elgiz Abbasov “CBC Sport”la da danışıqlar aparır. Birinci Liqanın bütün oyunlarını yayımlamaq mümkün deyil. Amma bəzi oyunların mümkün olduğu təqdirdə “CBC Sport”da göstərilməsi müzakirə olunur.
“Bu şəxslər fədakar insanlardır”
İstəklərimiz, planlarımız çoxdur. Birinci Liqa ilə bağlı ayrıca bir verilişin olmasını, ayrıca bir ekspertin oyunları təhlil etməsini istəyirik. Ötən mövsüm Premyer Liqada bir çox epizodlar – istər hakimlərlə, istər futbolçularla bağlı məqamlar müzakirə olunurdu. Çünki hamımız Premyer Liqaya baxırıq. Amma siz Birinci Liqanın icmallarına belə baxsanız, orada istər futbolçu, istər hakim səhvlərinin həddindən çox olduğunu görərsiniz. Sadəcə, bir növ diqqətdən kənarda qalır, işıqlandırılmır deyə, insanlar elə düşünür ki, orada problem yoxdur. Nə PFL, nə hakimlər, nə futbolçular tənqiddən çəkinməlidir. Bu qeyd edilənlər düzəlişlərə gətirib çıxarır. Olmasa, bu səhvlər davamlı şəkil alacaq. Fikir verməyəcəklərsə, inanmıram onlardan yaxşı futbolçu, yaxşı hakim olsun. İstər Birinci, istərsə də İkinci Liqa ilə bağlı təxminən bir aydan çox vaxtımız var.
İkinci Liqa ilə bağlı problemlər həddindən çoxdur. Uzun fasilədən sonra peşəkar yarışlarda bu qədər çox sayda komandalar iştirak edəcək. İnfrastruktur problemləri var, futbolçu çatışmazlığı, menecer problemləri var. İkinci Liqada bir əlcəkli qapıçı, bir butslı futbolçu görsəniz, təəccüblənməyin. Amma buna görə narahat olmağa dəyməz. Biz bunu mütəmadi olaraq keçirə bilsək, Azərbaycanda 5 ildən sonra yaxşı futbol menecerləri olacaq. Ölkəmizdə bu dəqiqə barmaqla sayılacaq qədər idman direktoru var. Ən az tapılan kadrlar onlardır. Çünki indiyə qədər yetərli sayda komandalarımız olmayıb. Məsələn İkinci Liqada çalışan “Ağdaş” komandasında Rəhman bəy var. “Qəbələ” klubuna gələn ağdaşlı uşaqların əksəriyyəti onun tələbələridir. Bu adam öz hesabına uşaqlara məşq keçir, komanda saxlayır. Əlindən gələni edir. “Şəki” komandasında Elgün bəy var. O adam çox böyük çətinliklə pul yığır, komanda saxlayır. Bu şəxslər fədakar insanlardır. Əminəm ki, bu adamlar şərait əldə etsələr, şans qazansalar, bir neçə ildən sonra onlardan yaxşı baş menecerlər, idman direktorları çıxacaq. Sadəcə, müəyyən bir zaman lazımdır. Tənqid edəcəksiniz və bu normaldır. Bu problemlər qaçılmazdır. Amma problemlərdən qorxub işə başlamamaqla bu çatışmazlıqlar həmişə davam edəcək.
“Bizi böyük problemlər və çətinliklər gözləyir”
Sənan Abdullayev: Birinci, İkinci Liqanın oyunlarının yayımlanması həmin zonanın insanları üçün də çox önəmlidir. Bölgə klublarının futbolçularının canlı yayıma çıxması, efirdə görünməsi onlar üçün yüksək motivasiyadır. Biz də bu yöndə işlərimizi davam etdiririk. Etiraf edək ki, asan məsələ deyil. Birinci Liqanın klublarından tələblərimizi artırırıq ki, Premyer Liqaya vəsiqə qazandıqları zaman həmin çətinlikləri yaşamasınlar. Gözə alsınlar ki, bu yöndə hazırlaşmaq lazımdır və hədəf yuxarıdır. Əsas hədəf və istəklərimizdən biri Birinci, İkinci Liqa ilə bağlı verilişlərin hazırlanması, jurnalistlərin ora cəlb olunması, jurnalistlərin oranı işıqlandırması üçün şəraitin yaradılmasıdır. Çox sağ olun ki, siz böyük fədakarlıq edirsiniz. Ən böyük istəyimiz odur ki, Birinci, İkinci Liqada da bu, olsun. İkinci Liqayla bağlı onu qeyd edim ki, bizi böyük problemlər və çətinliklər gözləyir. Bunlar olacaq və bundan qaça bilməyəcəyik. Ancaq problemlərdən kənar durmaq fikrimiz yoxdur. İstənilən yöndə tənqidlərə də açığıq. Ancaq ilk addımımız ondan ibarət oldu ki, İkinci Liqanın oyunlarının geniş icmalını jurnalistlərə və tamaşaçılara təqdim edək.
- Jurnalistləri narahat edən məqamlardan biri baş məşqçilərin mətbuat konfransına gec gəlməsidir. Bununla bağlı vaxt qoymaq mümkündürmü?
Elgiz Abbasov: Bilirsiniz ki, oyundan sonra yayımçı telekanal baş məşqçiləri müsahibəyə dəvət edir. Mən də razıyam ki, bəzən gecikmələr olur. Çalışarıq ki, “CBC Sport”la danışıb, bu məsələni müəyyən vaxt çərçivəsinə salaq ki, digər jurnalistlər əziyyət çəkməsinlər. Ancaq dediyiniz vaxt məsələsi əsasnamədə öz əksini tapıb. Oyun bitdikdən 20 dəqiqə sonra ilk mətbuat konfransı başlamalıdır. İlk növbədə qonaq komandanın, daha sonra ev sahibi komandanın baş məşqçisi iştirak etməlidir. Bununla bağlı hər hansı müşahidələriniz olarsa, oyunun AFFA nümayəndəsinə bu haqda bildirin. Eyni zamanda, bizə də bildirə bilərsiniz ki, problem aşkarlasaq, məsələni tənzimləyək.
“Naxçıvana VAR maşınının gedib-gəlməsi real deyil”
- Ötən mövsüm iki VAR maşını fəaliyyət göstərirdi. Daha birinin alınması ilə bağlı danışıqlar aparılırdı. Gələn mövsüm necə olacaq?
Aslan Şahgəldiyev: VAR maşını ilə bağlı çətinliklər tək maşınlara bağlı deyil. “Araz-Naxçıvan” öz meydanında oynayanda yaranacaq digər problem də həll edilməlidir. Bu məsələlər həm AFFA, həm PFL rəhbərliyinin diqqətindədir. Naxçıvana maşının gedib-gəlməsi real deyil. Orada yerində bir sistem qurmağı düşünürük. “Araz-Naxçıvan” rəhbərliyi bildirib ki, tezliklə doğma meydanda oynayacaq. VAR orada qalmaq şərtilə stadionda yerləşdiriləcək. Əlavə bir VAR maşını da olacaq. Onunla bağlı da hər şey qaydasındadır. “CBC Sport”la danışıqlar gedir. “Supersloumouşn” cihazının da qurulması gündəmdədir.
- Premyer Liqada legioner limiti 5 min manat müəyyənləşdirilib. Adətən cəzalarda da Birinci Liqaya güzəşt edilir, az məbləğdə cərimə tətbiq edilirdi. Amma bu legioner rüsumuna aid edilmədi. Səbəb nədir?
Aslan Şahgəldiyev: Bəli, Birinci Liqada legioner rüsumunu az etmək barədə düşünürdük. Amma burada bir çox komandaların, menecerlərin, klub rəsmilərinin məqsədi yaxşı legioner gətirmək deyil. Biz araşdırıb görürük ki, komandanın gətirdiyi legioner iştirak ərizəsinə salınıb, amma bir oyunda belə meydana çıxmayıb. Sonradan aydın olur ki, bu legioner kənarda fəaliyyət göstərdiyinə görə öz ölkəsində hərbi və digər sahələrdə güzəşt əldə edir. Birinci Liqada peşəkar statuslu legioner tələb etməyimizin səbəbi o idi ki, bəzən elə legioner gətirirdilər ki, ümumiyyətlə bu şəxs haqqında heç bir informasiya yoxdur. Hansı məqsədlə gətirilib, harada oynayıb, bilinmir. Futbolçu mövsüm ərzində bir oyuna belə çıxmırsa, demək, məqsəd futbolçunu oynatmaq deyil. Həm də həvəskar legioner futbolçunun səviyyəsinin yüksək olacağını düşünmürük.
“Kifayət qədər böyük maliyyəyə ehtiyac var”
- “Araz-Naxçıvan” öz meydanında oynadıqdan sonra gediş-gəliş, jurnalistlərin çalışması necə tənzimlənəcək? Bilirik ki, sadə vətəndaşlarda da problemlər yaranır. Komandalar necə gedəcək? AFFA və PFL AZAL şirkəti ilə danışıqlar aparmağı düşünürmü?
Aslan Şahgəldiyev: Bəli, bu problemləri bilirik. Ən böyük problem odur ki, Naxçıvan reysinə fərdi olaraq bilet bron etmək olmur. AZAL ilə danışıqlar aparılır ki, ən azı şirkətlərlə, komandalarla korporativ müqavilələr bağlanılsın. Çünki təqvimdə öncədən vaxtlar bəllidir. Heç olmasa komandalar həmin günə bileti bron edə bilsinlər. Bir də danışırıq ki, futbolçular Naxçıvana eniş edəndən sonra hamı ilə birgə çıxmasınlar. Komanda üzvləri, xüsusən də onların ləvazimatlarının keçidi üçün çox vaxt gedəcək. Naxçıvan hava limanına məktub ünvanlamağı planlaşdırırıq ki, komandalar problemlərlə qarşılaşmasınlar.
- Ötən mövsüm izləyicilər “CBC Sport”un çəkilişindən şikayət edirdilər. Hakimlər, eləcə də mübahisəli epizodları yaxşı izləyə bilmədiklərini qeyd edirdilər. Kamera sayının artırılması ilə bağlı danışıq aparmısızmı?
Aslan Şahgəldiyev: Əslində burada gizli bir şey yoxdur. Bu problemi çözmək üçün maliyyə vəsaiti lazımdır. Kifayət qədər böyük maliyyəyə ehtiyac var. Özünüz də internetdə axtarış verib bir yayım kamerasının qiymətini görə bilərsiniz. Heç olmasa əks tərəfə VAR üçün bir kamera qoya bilsək hakimlərin işi daha rahat olar. Epizodlar olur ki, ofsayd olub-olmadığı, topun ələ dəyib-dəymədiyini, qayda pozuntusunu müəyyən etmək olmur. Bu baxımdan o kameraya ehtiyac var.
Sənan Abdullayev: Elxan müəllim, Sərxan müəllim və Volkan bəyin birgə iclasında əsas məsələlərdən biri bu idi. Düşünürük ki, qarşıdakı mövsümdə bu problemlər həll olunacaq.