İtalyan keçmiş yarımmüdafiəçi Andrea Pirlo 2025-ci ildə keçiriləcək FIFA Klub Dünya Kubokunun yeni tərtibatı haqda söhbət açıb.
Arena.az FIFA-nın mətbuat xidmətinə istinadən, Pirlonun bu barədə fikrini təqdim edir:
“Təəssüf ki, mən burada oynaya bilməyəcəm. Bu tərtibatı sınamaq əla olardı. Bu, həqiqətən maraqlı və yeni bir məqamdır. Əminəm ki, çox maraqlı olacaq. Burada dünyanın ən yaxşı klubları yarışacaqlar, ona görə də əminəm ki, FIFA əla iş görüb və bu, hər kəs üçün gözəl təcrübə olacaq. Bu qədər yüksək səviyyəli komandaların oyununu izləmək bütün azarkeşlər, bütün dünya və xüsusən də insanların oyunları belə həvəslə izlədiyi ABŞ üçün əsl tamaşadır”, deyə Pirlo bildirib.
Əlavə edək ki, Avropa futbol ictimaiyyətinin böyük bir qismi FIFA-nın müvafiq tərtibatda genişçaplı yarış təşkil etməsinə qarşı çıxış edir. Belə ki, Avropanın əksər aparıcı oyunçuları və mütəxəssisləri ifrat təqvim sıxlığında müvafiq yarışı idmani baxımdan əlverişsiz hesab edir və bunun ancaq maliyyə maraqlarına – FIFA-nın cibinə xidmət etdiyi qənaətindədirlər.
Xatırladaq ki, yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.


