Pirola və Mulattieri “İnter”ə 9,5 milyon avro qazandırdılar

İtaliyanın “İnter” klubu iki futbolçusunu – mərkəz müdafiəçisi Lorentso Pirola və hücumçusu Samuele Mulattierini satıb.

Arena.az xəbər verir ki, Pirola “Salernitana”ya, Mulattieri “Frozinone”yə satılıb.

Hər iki futbolçu sözügedən klublara icarə əsasında keçmişdi. Onların müqaviləsində mövsümün sonunda satınalma şərti də var idi. Bu üzdən də “Salernitana” “İnter”ə 5, “Frozinone” isə 4,5 milyon avro ödəməklə müvafiq olaraq Pirola və Mulattierinin transfer hüquqlarını da alıblar.

“İnter”in öz yetirməsi olan Lorenso Pirola Milan klubunun əsas komandasında cəmi 1 matça çıxıb. 21 yaşlı mərkəz müdafiəçisi daha öncə “Montsa”da da icarədə oynayıb. O, 2022-ci ilin iyulundan formasını geyindiyi “Salernitana”da 27 matça çıxıb, 2 qol vurub.

Samuele Mulattieri isə “Spetsiya”nın yetirməsidir. 22 yaşlı forvard 2018-ci ilin yayında transfer olunduğu “İnter”də əsas komandaya düşə bilməyib. Bu üzdən də o, daha öncə “Volendam” və “Krotone”yə də icarəyə verilib. 2022-ci ilin iyulundan “Frozinone”də çıxış edən Mulattieri bu komandada 30 oyuna 12 qol və 4 assist müəllifi olub.

Hər iki futbolçu İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış ediblər.