Məşhur britaniyalı jurnalist, “Arsenal”ın çılğın azarkeşi Pirs Morqan yenə “Mançester Yunayted”in yarıtmaz siyasəti haqda fikir səsləndirib.
Arena.az məlumat verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabları üzərindən yazıb.
Morqan yazısında noyabrda “Mançester Yunayted”in klub rəhbərliyi və baş məşqçisi, holland mütəxəssis Erik ten Haq ilə fikir ayrılığı səbəbindən “qırmızı şeytanlar”dan ayrılmış və yanvarda “Əl-Nəsr”ə keçmiş portuqal superulduz Krsitiano Ronaldonun uğurlarını əsas gətirib. Morqan cari ildə keçirdiyi 42 oyunda 46 məhsuldar fəaliyyətə (qol və məhsuldar ötürmə cəmi) nail olmuş Ronaldonun bu göstəricisi müqabilində yazıb:
“Ancaq o, guya “Mançester Yunayted”də problem idi. Ten Haqı qovmaq və Kristiano Ronaldonu kapitan təyin etmək gərək idi”, deyə Morqan hazırda uğurzuluq zolağında sürünən “Mançester Yunayted”in bostanına növbəti dəfə daş atıb.
Xatırladaq ki, məhz Pirs Morqan Kristiano Ronaldonu verilişinə dəvət edərək portuqal superulduzla “qırmızı şeytanlar” arasında yaranmış anlaşılmazlığa dair məqamlara aydınlıq gətirməyə çalışmışdı. Ronaldo Morqana müsahibədə, “məni klubda ala qarğaya döndəriblər”, “mən Ten Haqa hörmət etmirəm, çünki o, mənə hörmət etmir”, deyə bildirmişdi. Həmin müsahibəsində Ronaldo “Mançester Yunayted”in sahiblərindən danışaraq, onların komanda üçün narahat olmadıqlarını və kluba qayğı göstərmədiklərini vurğulamışdı.
2022-ci ilin noyabr ayının sonunda “qrımızı şeytanlar” portuqal superulduzla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Cari ilin yanvarında Kristiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə keçərək yüksək fiziki hazırlıq və keyfiyyətli oyunu ilə göz oxşayır. Ronaldonun keçidinin ardınca Avropa futbolçularının Səudiyyə Ərəbistanı Peşəkar Liqasına axını başlayıb. Morqana görə, Ronaldonun uğurları mənzərəsində “Mançester Yunayted” həmin sahibləri və həmin baş məçqçisi ilə elə, yerində sayır və hətta geriləyir.
“Mançester Yunayted” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 8 oyundan 4 qələbə qazansa da, 4 oyunda da məğlub olub. Komanda hazırda 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Həmçinin Mançester təmsilçisi UEFA Çempionlar Liqasında “Bayern”ə (3:4) və “Qalatasaray”a (2:3) məğlub olub. “Qırmızı şeytanlar” A qrupunda sonuncu pillədə qərarlaşıb.