Pirs Morqan: “Bu təlxəyi necə hələ də qovmayıblar?”

Məşhur britaniyalı jurnalist, “Arsenal”ın çılğın azarkeşi Pirs Morqan yenə “Mançester Yunayted”in ünvanına tənqid səsləndirib.

Arena.az məlumat verir ki, tənqidi acıdilliyi ilə məşhur olan Morqan bu dədə “qırmızı şeytanlar”ın baş məşqçisi, holland mütəxəssis Erik ten Haqın bostanına daş atıb:

“Bu təlxəyi necə hələ də qovmayıblar?” – Morqan özünün “X” sosial şəbəkə hesabı üzərindən dərc edib.

Xatırladaq ki, məhz Pirs Morqan Kristiano Ronaldonu verilişinə dəvət edərək portuqal superulduzla “qırmızı şeytanlar” arasında yaranmış anlaşılmazlığa dair məqamlara aydınlıq gətirməyə çalışmışdı. Ronaldo Morqana müsahibədə, “məni klubda ala qarğaya döndəriblər”, “mən Ten Haqa hörmət etmirəm, çünki o, mənə hörmət etmir”, deyə bildirmişdi. Həmin müsahibəsində Ronaldo “Mançester Yunayted”in sahiblərindən danışaraq, onların komanda üçün narahat olmadıqlarını və kluba qayğı göstərmədiklərini vurğulamışdı.

2022-ci ilin noyabr ayının sonunda “qrımızı şeytanlar” portuqal superulduzla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Cari ilin yanvarında Kristiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə keçərək yüksək fiziki hazırlıq və keyfiyyətli oyunu ilə göz oxşayır. Ronaldonun keçidinin ardınca Avropa futbolçularının Səudiyyə Ərəbistanı Peşəkar Liqasına axını başlayıb. Morqana görə, Ronaldonun uğurları mənzərəsində “Mançester Yunayted” həmin sahibləri və həmin baş məçqçisi ilə elə, yerində sayır və hətta geriləyir.