Məşhur britaniyalı jurnalist, “Arsenal”ın çılğın azarkeşi Pirs Morqan “Mançester Yunayted”in ünvanına təxribat səpgili yazı dərc edib.
Arena.az məlumat verir ki, İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində “Mançester Yunayted”in “Kristal Pelas” məğlub olduğu oyundan (0:1) sonra Pirs Morqan özünün “X” hesabında paylaşma edib.
Morqan “qırmızı şeytanlar”ın holland baş məşqçisi Erik ten Haqın və komandanın sabiq, canlı əfsanəsi Kristiano Ronaldonun fotosunu yerləşdirərək yazıb:
“Bu insanlardan biri “Mançester Yunayted”dən qovulub, çünki o, klubda “problem” hesab edilirdi. Əsl problemin kim olduğu açıq-aydın görünür”.
Xatırladaq ki, Kristiano Ronaldo 2022-ci ilin noyabrında “Mançester Yunayted”in rəhbərliyi və komandanını baş məşqçisi Etik ten Haq ilə münaqişədən sonra, “qırmızı şeytanlar”ın düşərgəsini tərk edərək Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçmişdi.
“Mançester Yunayted” tarixi ərzində Premyer Liqada ən pis başlanğıcını yaşayır. İngiltərə nəhəngi ilk 7 turda 4 məğlubiyyət alıb və hazırda 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Premyer Liqada liderliyi isə “qırmızı şeytanlar”ın əzəli rəqibi, həmşəhərlisi “Mançester Siti” sürdürür.