Pirs Morqan Ronaldodan yazdı, yenə Ten Haqa “ilişdi”

Britaniyalı məşhur jurnalist Pirs Morqan Portuqaliya yığmasının hücumçusu və kapitanı Kristiano Ronaldonun tarixi nailiyyətini şərh edib.

Arena.az xatırladır ki, Ronaldo UEFA Millətlər Liqasının Xorvatiya və Şotlandiya yığmaları ilə oyunları çərçivəsində hər iki komandanın qapısına bir qol vuraraq, futbolçu karyerası ərzində müvafiq olaraq 900-cü və 901-ci qollarını rəsmiləşdirib.

Morqan onun bu uğuruna belə şərh verib: “Ronaldo qol vurdu! Bu, onun bütün karyerasında Şotlandiyaya qarşı ilk qolu oldu. Bu qol onun peşəkar səviyyədə 901-ci qol idi. Kristiano yenidən özünəməxsus hekayəsini yaratmağı bacardı. Bu, sadəcə inanılmazdır”, deyə Morqan yazıb.

Vurğulayaq ki, Ronaldo rəsmi oyunlarda 900 qol həddinə çatmış ilk futbolçu kimi adını futbol tarixinə həkk edib.

Pirs Morqan eyni zamanda “Mançester Yunayted”in niderlandlı baş məşqçisi Erik ten Haqı, portuqal ulduz hücumçu Kristiano Ronaldonu “qırmızı şeytanlar”ın düşərgəsindən didərgin salmasına görə yenidən tənqid edib:

“Xatırlatma: Erik ten Haq Kristianonu “Mançester Yunayted”dən qovdu və buna görə yuxusunu itirməyəcəyini söylədi. Düşünürəm ki, bu gün Erikə yuxu həbləri gərək ola bilər”, deyə Morqan bildirib.

Xatırladaq ki, Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ronaldo futbol tarixində rəsmi oyunlarda 901 qol vurmuş ilk futbolçudur. Ulduz hücumçu Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqalia yığmasında isə 132 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.