Pol Merson: “Makallister Gündoğana bənzəyir”

İngiltərə yığmasının sabiq üzvü Pol Çarlz MersonLiverpul”un yarımmüdafiəçi Aleksis Makallisteri transfer etməsinə dair fikir bildirib.

Arena.az xəbər verir ki, məşhur ingilis futbol mütəxəssisi, məşqçi, ötən əsrin 80-90-cı illərində “Arsenal”dakı çıxışı ilə diqqət çəkən Pol Merson, Makallisterin “Liverpul”u gücləndirə biləcəyini hesab edir.

O, bu barədə “Sky Sports”un efirində danışıb: “Liverpool” yalnız ilk dördlük deyil, çempionluq uğrunda mübarizə aparmaq istəyirsə, Makallister onlar üçün əla transferdir. O, yüksək səviyyəli oyunçu və Dünya çempionatının qalibidir ki, turnirdə komandaya böyük təsir göstərib.

Aleksis meydanda sakitləşdirici təsiri olan çox yaxşı oyunçudur. O, topu saxlayır və irəli aparır – bir qədər İlkay Gündoğanı xatırladır, amma qolsuz.

O, daha əvvəl “Liverpul”un müqavilə bağlamaq istədiyi Cud Bellingem kimi oyunçu deyil. Bellingem azacıq daha tez-tez irəli atıla bilər. Ancaq Makallister sadə şeyləri çox, çox yaxşı icra edir. “Ah, sadə şeylərmi?”, deyə insanlar soruşa bilərlər, ancaq çox az oyunçu bunu icra edə bilər”.

Daha əvvəl Makallisterin “Liverpul”la 5 illik müqavilə imzalamağa yaxın olduğu bildirilirdi. “Brayton”un yarımmüdafiəçisinin çərşənbə günü “Liverpul”la müqaviləyə imza atacağı gözlənilir.