Pol Poqba 4 il müddətinə cəzalandı – Dopinqə görə

“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba dopinq istifadəsinə görə 4 il müddətinə diskvalifikasiya edilib.

Arena.az bu barədə “Tuttosport” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında fransalı futbolçu ardıcıl iki dopinq yoxlamasından xoşagəlməz nəticə ilə çıxıb. Poqbanın nümunəsində çox yüksək testosteron səviyyəsi aşkar edilib. 30 yaşlı futbolçunun vəkilləri onun mümkün diskvalifikasiyasının 4 ildən 2 ilə endirilməsini tələb etsələr də, bu, istənilən nəticəni verməyib.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib.

Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”da bütövlükdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə müəllifi olub.

Pol Poqbanın “Yuventus”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

Təcrübəli futbolçu daha öncə “Mançester Yunayted”də də çıxış edib.

“Transfermarkt” internet-portalı 30 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqbanın transfer dəyəri haqda məlumatı artıq təqdim etmir.

Daha əvvəl məlum olmuşdu ki, “Yuventus” Poqbanın rəsmi diskvalifikasiyası halında onunla müqaviləsini birtərəfli qaydada pozacaq.