Pol Poqba diskvalifikasiyası haqda: “Hər şeyimi aldılar”

“Yuventus”un fransalı mərkəz yarımmüdafiəçisi Pol Poqba dopinqə görə 4 il müddətinə diskvalifikasiya edilməsi qərarına münasibət bildirib.

Arena.az xatırladır ki, Poqba dopinq qəbul etdiyinə görə 4 illik müddətə diskvalifikasiya edilib və bu, 30 yaşlı futbolçunun karyerasını təhlükə altına alır.

“Bu gün mənə Milli Antidopinq Tribunalının qərarı barədə məlumat verildi və mən hesab edirəm ki, hökm düzgün deyil. Peşəkar oyun karyeramda qurduğum hər şeyin əlimdən alındığı üçün kədərlənirəm, sarsılmışam və ürəyim qırılıb. Mən qanuni məhdudiyyətlərdən azad olanda tam hekayə aydın olacaq, amma mən heç vaxt bilərəkdən və ya qəsdən antidopinq qaydalarını pozmuş hər hansı əlavə qəbul etməmişəm.

Peşəkar idmançı kimi mən heç vaxt qadağan edilmiş maddələrdən istifadə etməklə öz səmərəmi artırmaq üçün heç nə etməmişəm və heç vaxt lehinə və ya əleyhinə mübarizə apardığım komandaların idmançı yoldaşlarına və ya azarkeşlərinə hörmətsizlik etməmişəm və onları aldatmamışam.

Bu gün açıqlanmış qərarla əlaqədar İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyəm”, – Poqba özünü sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı Poqbanın transfer dəyəri haqda məlumatı artıq təqdim etmir.