“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba gələcəyi, Fransa yığmasına mümkün qayıdışı və dopinqə görə cəzası haqda söhbət açıb.
Arena.az “Ekip” dərgisinə istinadən, fransalı futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Mənim klubum var, mən ancaq geri qayıtmaq və bu vəziyyətdən çıxmaq barədə düşünürəm. Amma sabahın nə töhfə gətirəcəyini heç vaxt bilmirsən, ona görə də heç vaxt “heç vaxt”, demə!”, deyə Poqba Fransa Liqa 1 klubuna keçəcəyi haqda şayiələri cavablayıb.
“Mənim məqsədim ilk növbədə idman formasında olmaqdır, çünki uzun müddətdir oynamıram. Mən sadəcə meydana qayıtmaq istəyirəm. Yığmada, klublarında yaxşı çıxış edən, yaxşı oynayan futbolçular var ki, qayıdıb-qayıtmayacağım məndən asılıdır”, deyə Poqba Fransa yığmasına mümkün qayıdışı haqda ehtimalı cavablayıb.
“Mənə bir fürsət daha verildi”
“Qərardan çox sevindim. Mən heç nə etməmişdim – niyə mənə dörd il cəza verilsin ki? Ən çox sevdiyim işimə qayıda biləcəyəm. Sanki mənə bir fürsət daha verildi, məndən məhrum edilmiş bir şey geri qaytarıldı. Bu, həyatda yeni bir mərhələdir. Mart ayı tez gəlib yetişəcək, bunu səbirsizliklə gözləyirəm”, deyə Poqba cəzasını şərh edərək yaşıl meydanlara qayıdışı ilə bağlı intizarını ifadə edib.
Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq müayinəsindən müsbət nəticə ilə keçib. Fevralın 29-da antidopinq məhkəməsi Poqbanın 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın futbolçu fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu müvafiq qərardan apellyasiya şikayəti vemişdi. Artıq məlum olduğu kimi, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın dopinq istifadəsi ilə bağlı cəzasının müddətini azaldıb. Fransalı futbolçunun cəza müddəti daha əvvəl təyin edilmiş 4 il müddətindən 1 il 6 aya endirilib.
Poqba 2025-ci ilin yanvarından etibarən “Yuventus”la ümumi məşqlərə başlaya biləcək. Gələn ilin martına qədər isə Poqbanın rəsmi oyunlarda iştirakına icazə veriləcək.
Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Poqba “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.
Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.