Pol Poqba: “Hər şey bitib, mən daha mövcud deyiləm”

Dopinq qəbul etdiyinə görə 4 il müddətinə futboldan kənarlaşdırılmaqla cəzaya məhkum edilmiş Pol Poqba gələcək karyerası haqda danışıb.

Arena.az xəbər verir ki, İtaliyanın “Yuventus” klubunun fransalı yarımmüdafiəçisi bununla bağlı duyğusalcasına danışıb.

Poqbanın bu barədə fikirlərini təqdim edirik:

“Hər şey bitib, mən daha mövcud deyiləm. Mən artıq kim olduğumu bilmirəm. Futbol mənim həyatım, həvəsimdir. İndi özümü sanki itirmiş kimi hiss edirəm. Peşəkar karyeramda əldə etdiyim hər şeyi məndən qarət etdilər”, deyə Poqda məyusluqla bildirib.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Poqba dopinq müayinəsindən müsbət keçib. Cari ilin fevral ayının 29-da antidopinq məhkəməsi yarımmüdafiəçinin 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra, fransalı futbolçu apellyasiya şikayəti verib. Hazırda bu iş üzrə yekun qərar gözlənilir.

Pol Poqba “Yuventus”a 2022-ci ilin iyul ayında “Mançester Yunayted”dən keçib. Fransalı futbolçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Poqba geridə qalmış 2022/2023 mövsümündə “qoca sinyora”nın heyətində meydana çıxdığı 10 oyunda cəmi 161 dəqiqə keçirib, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə fransalı yarımmüdafiəçi turinlilərin heyətində 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Pobqa “Yuventus”un heyətində ümumilikdə 190 oyuna çıxıb, 34 qol vurub və 41 məhsuldar ötürmə verib.

Pol Poqba 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. Pol “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.