Pol Poqba “Mançester Yunayted”dən getdi

Fransa milli komandasının yarımmüdafiəçisi Pol Poqba “Mançester Yunayted”lə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçunun müddəti iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb. Bu üzdən də o, komandanı azad agent qismində tərk edəcək.

Qeyd edək ki, Pol Poqba məhz “Mançester Yunayted”in yetirməsidir. O, peşəkar karyerasına da “qırmızı şeytanlar”ın heyətində başlayıb. Lakin karyerasının əvvəlində bu komandada kifayət qədər oyun şansı qazana bilməyən yarımmüdafiəçi İtaliyanın “Yuventus” klubuna transfer olunub. 2012-2016-cı illər aralığında Turin təmsilçisində çıxış edən futbolçu 2016-cı ildə yenidən Mançester klubuna qayıtmışdı.

Poqba “Mançester Yunayted”dəki karyerası ərzində bütövlükdə 233 matça çıxıb, 39 qola imza atıb. Fransa yığmasının üzvü ölkəsinin millisində də 91 oyuna 11 qol vurub.