Pol Qaskoyn: “Erik ten Haqa yazığım gəlir”

Keçmiş ingilis hücumameyilli yarımmüdafiəçi Pol Qaskoyn “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqa acıyıb yazığı gəldiyini bildirib.

Arena.az Qaskoynun bu barədə fikrini təqdim edir:

“Bilirsiniz, mən bu vəziyyəti oynadığım zaman olduğu kimi görürəm. Yaxşı olduğumu, məndən sonra gələnin bu işin öhdəsindən gələ bilməyəcəyini bilirdim. Ser Aleks Ferqyusonun gedişindən sonra “Mançester Yunayted”də də eyni hal yaşanır. Hətta Mourinyo da Devid Moyes qədər yaxşı deyildi. Düzünü desəm, Ten Haqa acıyıram, yazığım gəlir. Ferqyusonun ən azı bir mövsüm bu komandaya başçılıq etməsini istərdim və onun bu oyunçularla nə edə biləcəyini görərdik”, deyə Pol Qaskoyn bildirib.

Xatırladaq ki, 7 turdan 8 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir. Amma klub rəhbərliyi səbrlə niderlandlı mütəxəssisə şans verməyə davam edir.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Məşqçiliyə “Tvente”də başlamış Ten Haq ölkəsində “Ayaks”, “Utrext” və “Qo Ehed İqlz” klublarında da baş məşqçi kimi çalışıb. O, vaxtilə Almaniya nəhəngi “Bayern”in ikinci komandasına da rəhbərlik edib.