Polşa klubu “Qarabağ”ı gözləyir – Çempionlar Liqasında

Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın 2-ci raunddakı potensial rəqiblərindən olan Polşanın “Rakuv” komandası ilə Estoniya “Flora”sı da bu gün üz-üzə gəliblər.

Bu komandaların Polşada baş tutan ilk matçında meydan sahibləri 1:0 hesablı qələbəyə sevinmişdilər. Estoniyadakı cavab matçında da rəqibinə qalib gələn “Rakuv” növbəti mərhələyə vəsiqə qazanıb – 3:0. Lukaş Zvolinski dubla imza atıb (47 və 59-cu dəqiqələr), sonuncu qolu isə Yannis Papanikolau vurub (85).

Ağdam klubu isə ilk raunddakı rəqibi olan Cəbəllüttariq “Linkoln”u ilə sabah Bakıda üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda baş tutacaq bu oyuna saat 20:00-da start veriləcək. “Qarabağ” ilk oyunda 2:1 hesablı qələbəyə sevinib. Böyük ehtimalla Azərbaycan çempionu bu rəqibinə sürpriz etməyə imkan verməyəcək və növbəti mərhələyə vəsiqə qazanaraq “Rakuv”a rəqib olacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək. “Qarabağ” mərhələ adlayacağı halda, növbəti raunddakı ilk matçını da səfərdə, cavab görüşünü doğma meydanda keçirəcək.

Xəbəri istədiklərinizlə paylaşın