Polşalı VAR hakimləri Bartoş Frankovski və Tomaş Musyal polis tərəfindən həbs edilərək, barələrində inzibati iş açılıb.
Arena.az bu barədə “Weszlo” dərgisinə istinadən məlumat verir.
Adı çəkilən bu hakimlər Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Dinamo” (Kiyev) və “Reyncers” komandaları arasında ötən gün, avqustun 6-da keçiriləcək oyunda VAR briqadasının heyətində çıxışdan da kənarlaşdırılıblar.
Buna sözügedən hakimlərin lülqənbər oluncaya qədər içib yol nişanını oğurlamaq kimi sərsəm fikrə gələrək, bu axmaq hərəkəti uğurla icra etmələri səbəb olub. Polis sərxoş ədalət təmsilçilərini biabırçı hoqqa başında yaxalayıb. Əvvəlcə bu əhli-kefləri bir qədər özünə gətirmək gərək olub. Qanun keşikçiləri də ilk növbədə bunu ediblər. Daha sonra “qəhrəmanlar” barəsində müvafiq iş açılıb.
Hadisə isə belə baş verib: Gecə saatlarında polisə naməlum kişilərin küçə boyu yol nişanlarını harasa daşıyıb-apardığı barədə məlumat daxil olub. bundan sonra polis təcili surətdə hadisə yerinə yetişib və nələr baş verdiyini müəyyən edib.
Polşa Futbol İttifaqının (PZPN) bu vəziyyəti araşdırmaq niyyətində olduğu vurğulanır. İddialar təsdiqlənərsə, hakimlərin əmək müqavilələri ləğv ediləcək.