Postekoqlu “Brayton”a məğlubiyyəti “qəbuleilməz” adlandırdı

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının 7-ci turunun “Brayton”la səfər oyununu şərh edib.

Arena.az xatırladır ki, “mahmızlar” birinci hissədəki 2:0 hesablı üstünlüklərini ikinci hissədə əldən verərək, səfərdən 2:3 hesablı məğlubiyyətlə üzüqara qayıdıblar.

“Bu, son nəticədə qəbuledilməzdir. Hər oyunda qalib gəlməyəcəyinizi başa düşə bilərsiniz. Ancaq oyunları məğlub olduğunuz bir üslub da var. Mən burada olduğumdan bəri ilk dəfədir ki, belə bir qələbəni əldən veririk. Dediyim kimi də, bu, yolverilməzdir.

Müəyyən səviyyəli rəqabət qabiliyyəti var ki, onu hər oyunda, səviyyəsindən asılı olmayaraq göstərməlisən, biz isə bunu ikinci hissədə icra etmədik. Elə, buna görə də layiqincə cəzalandırıldıq”, – deyə Angelos Postekoqlu matçdan sonrakı mətbuat konfransında bildirib.

7 turdan sonra 10 xal toplamış “Tottenhem” Premyer Liqanın yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. “Brayton” isə 12 xalla 6-cı pillədədir. Premyer Liqaya 18 xalla “Liverpul” başçılıq edir.