Premyer Liqa: 35-ci tura bu gün Qəbələdə start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 35-ci turuna start veriləcək. Arena.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutacaq.

Burada elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” artıq bürünc medalları və Avropa Konfrans Liqasına vəsiqəni təmin etmiş “Neftçi” ilə üz-üzə gələcək. Gəncə şəhər stadionunun qazonu yararsız halda olduğu üçün rəqiblərini Qəbələdə qəbul etmək məcburiyyətində qalan “Kəpəz” üçün xal və ya xallar qazanmaq vacibdir. Paytaxt təmsilçisi üçün isə bu matçın nəticəsi demək olar ki, heç nəyi dəyişməyəcək.

Xatırladaq ki, bu iki komanda indiyə qədər ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Bu oyunların 18-də “Kəpəz”, 26-da “Neftçi” qalib gəlibsə, 10 qarşılaşmada da qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var – 82:50. “Neftçi” son 7 qarşılaşmada uduzmayıb. Son 4 oyunda 2 və ya daha çox qol vurulub. Gəncə təmsilçisi sonuncu dəfə bu rəqibinə 2017-ci ilin aprelində qalib gəlib – 2:0.

Cari mövsümdə keçirdiyi 34 oyunda 18 qələbə qazanıb, 8 heç-heçə edən və 8 dəfə məğlub olmuş “Neftçi” hazırda 62 xalla 3-cü pillədə qərarlaşıb. “Kəpəz” isə 30 xalla 7-ci sıradadır. Bu komanda əvvəlki 34 oyunda cəmi 6 qələbə qazanıb, 12 dəfə heç-heçə edib, 16 qarşılaşmadan əliboş ayrılıb.

Peşəkar Futbol Liqası bu gün “Kəpəz” – “Neftçi” matçının hakim təyinatlarını da açıqlayıb. Qarşılaşmanın baş hakimi Kamran Əliyev olacaq. Digər oyunların təyinatları daha sonra açıqlanacaq.

Azərbaycan Premyer Liqası
35-ci tur
21 may

“Kəpəz” – “Neftçi”
Hakimlər: Kamran Əliyev, Akif Əmrəli, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Pərvin Talıbov.
Qəbələ şəhər stadionu, 18:00.