Premyer Liqa: Aprel ayının ən yaxşıları – Haland və Emeri

Futbol üzrə İngiltərə çempiontında (Premyer Liqa) aprel ayının ən yaxşı oyunçusu və ən yaxşı baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland aprelin ən yaxşı futbolçusu elan edilib. O, səsvermədə komanda yoldaşı Kevin De Bruyne, Ebereçi Eze (“Kristal Pelas”), Aleksandr İsak, Kallum Uilson (hər ikisi “Nyukasl”), Dioqo Jota (“Liverpul”), Dominik Solanke (“Bornmut”) və Olli Uotkins (“Aston Villa”) kimi futbolçuları geridə qoyub.

Xatırladaq ki, Haland aprel ayında Premyer Liqa çərçivəsində 4 oyuna çıxıb. O, bu oyunlarda 6 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Norveçli futbolçu bu mövsüm ikinci dəfədir ayın ən yaxşısı seçilir. O, avqust ayında da bu mükafata layiq görülmüşdü.

“Aston Villa”nı çalışdıran Unai Emeri isə geridə qoyduğumuz ayın ən yaxşı baş məşqçisi seçilib. Aprel ayının ən yaxşısı adına Xosep Qvardiola (“Mançester Siti”), Roy Hocson (“Kristal Pelas”), Eddi Hau (“Nyukasl”) və Qari O`Nil (“Bornmut”) də namizəd idi.

Emerinin çalışdırdığı “Aston Villa” apreldə Premyer Liqa çərçivəsində 7 oyuna çıxıb ki, bunlardan beşində qələbə qazanıb. Qalan iki oyundan biri heç-heçə, biri isə məğlubiyyətlə bitib.

Sonda Premyer Liqa çərçivəsində əvvəlki ayların ən yaxşı futbolçu və məşqçi seçimlərini bir daha xatırladırıq:

Ən yaxşı futbolçular
Avqust: Erlinq Haland (“Mançester Siti”)
Sentyabr: Markus Raşford (“Mançester Yunayted”)
Oktyabr: Migel Almiron (“Nyukasl”)
Noyabr: Martin Edeqor (“Arsenal”)
Dekabr: Martin Edeqor (“Arsenal”)
Yanvar: Markus Raşford (“Mançester Yunayted”)
Fevral: Markus Raşford (“Mançester Yunayted”)
Mart: Bukayo Saka (“Arsenal”)

Ən yaxşı məşqçilər
Avqust: Mikel Arteta (“Arsenal”)
Sentyabr: Erik ten Haq (“Mançester Yunayted”)
Oktyabr: Eddi Hau (“Nyukasl”)
Noyabr: Mikel Arteta (“Arsenal”)
Dekabr: Mikel Arteta (“Arsenal”)
Yanvar: Mikel Arteta (“Arsenal”)
Fevral: Erik ten Haq (“Mançester Yunayted”)
Mart: Mikel Arteta (“Arsenal”)