Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu “Səbail”lə “Turan Tovuz” arasında keçiriləcək. “Bayıl Arena”da gerçəkləşəcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Komandaların turnir cədvəlində qonşu olması oyuna olan marağı daha da artırır. Belə ki, hazırda “Səbail” 37 xalla 6-cı, “Turan Tovuz” isə 35 xalla 7-ci pillədə qərarlaşıb.
Bu kollektivlər indiyə qədər Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Bu oyunlarda tərəflər hərəyə 2 qələbə qazanıblar, 3 heç-heçə qeydə alınıb. Top fərqində də bərabərlik var – 11:11.
Son 6 görüşdə hər iki komanda qol sevinci yaşayıb. “Turan Tovuz” bütün qarşılaşmalarda qol vurub.
Günün digər matçında “Sabah” “Zirə”ni qəbul edəcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bu kollektivlər də turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. Hazırda “Sabah” 40 xalla 3-cü, “Zirə” isə 39 xalla 4-cü sıradadır. Mümkün qələbə “Zirə”ni 3-cü, “Sabah” isə 2-ci pilləyə daşıyacaq.
Bu iki komanda indiyə qədər çempionatda 22 matçda üz-üzə gəliblər. “Sabah”ın hesabında 10, “Zirə”nin aktivində 6 qələbə var. Daha 6 görüş heç-heçə bitib. Son 6 oyunda qol vuran komanda qalib gəlib. “Sabah” son iki ev görüşündə qol vurmayıb.
Premyer Liqa
28-ci tur
29 mart
“Qəbələ” – “Neftçi” 0:1
Qol: Kilan Lebon, 42.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Qəbələ şəhər stadionu. 16:30.
“Kəpəz” – “Qarabağ” 1:6
Qollar: Latir Fall, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 19:00.
30 mart
“Səbail” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Bayıl Arena”. 16:30.
“Sabah” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Masazır Arena”. 19:00.
31 mart
Sumqayıt – Araz Naxçıvan
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.