Premyer Liqa: Bu gün 15-ci tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 15-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Araz-Naxçıvan” “Səbail”i qəbul edəcək. Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Günün digər matçı “Turan Tovuz”la “Sumqayıt” arasında baş tutacaq. Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək.

“Araz-Naxıvan”la “Səbail”in turnir cədvəlində qonşu olmaları bu oyuna marağı daha da artırır. Paytaxt klubunun mümkün qələbəsi bu komandanın “Araz-Naxçıvan”dan uzaqlaşmasına şərait yaradacaq. Naxçıvan təmsilçisi qalib gələcəyi halda isə “dənizçilər”i qabaqlamağa nail olacaq.

Son turlarda yüksəlişdə olan “Sumqayıt” özündən fərqli uğursuz çıxışı ilə diqqət çəkən “Turan Tovuz”a səfərdə qalib gəlməklə liderlər qrupunda möhkəmlənə bilər. Amma Tovuz təmsilçisi doğma meydanda uğursuz gedişata son qoymağa çalışacaq

“Araz-Naxçıvan”la “Səbail” indiyə qədər cəmi 1 dəfə qarşılaşıblar. Həmin matçda Bakı klubu minimal hesabla qələbə qazanıb.

“Turan Tovuz”la “Sumqayıt” isə bunadək 5 oyun keçiriblər. Tovuz klubunun 1, Sumqayıt təmsilçisinin 2 qələbəsi olduğu halda, 2 oyun da heç-heçə bitib. “Sumqayıt” son üç oyunda uduzmayıb. “Turan Tovuz” ev matçlarını qolsuz tərk etməyib.

Premyer Liqa
15-ci tur
2 dekabr

“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Rəhman İmami, Kamran Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.

“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Tovuz şəhər stadionu, 18:30.

3 dekabr

“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “Neftçi Arena”, 17:00.

4 dekabr

“Qarabağ” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Zöhrab Abbasov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.