Premyer Liqa: “Kəpəz”lə “Neftçi” ilk qələbə axtarışında

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçı Tovuzda keçiriləcək. Ev oyunlarını məhz Tovuz şəhər stadionunda keçirən “Kəpəz” burada “Şamaxı” ilə üz-üzə gələcək. Əvvəlki oyunlarında nəinki qələbəyə, hətta xala da həsrət qalmış Gəncə təmsilçisi siftəni yenidən elitaya qayıtmış “Şamaxı” ilə görüşdə gerçəkləşdirməyə çalışacaq.

“Kəpəz”lə “Şamaxı”nın indiyə qədər ölkə çempionatı çərçivəsində keçirilmiş 34 oyununda gəncəlilərin cəmi 8 qələbəsi var. 9 qarşılaşma heç-heçə bitdiyi halda 17 oyunda “Şamaxı” sevinən tərəf olub. Amma “Kəpəz” son 5 oyunda uduzmayıb. “Şamaxı” isə son 6 matçda qol vurub.

Turun mərkəzi qarşılaşması da elə ilk oyun gününə təsadüf edəcək. Son çempion “Qarabağ” doğma meydanda əzəli rəqibi “Neftçi”ni sınağa çəkəcək.

“Neftçi” də “Kəpəz” kimi bu mövsüm qələbəyə həsrətdir. Yeri gəlmişkən, bu iki komandadan başqa qələbə qazanmayan komanda qalmayıb. Amma Gəncə təmsilçisindən fərqli olaraq, “Neftçi” 4 heç-heçə sayəsində 4 xal toplaya bilib. Məhz bunun sayəsində “ağ-qaralar” hazırda yalnız “Kəpəz”in önündə – 9-cu pillədə qərarlaşıblar. “Qarabağ” isə 12 xalla lider “Turan Tovuz”un əsas izləyicisidir.

Azərbaycan çempionatlarının iki daimi iştirakçısı bu gün 96-cı dəfə üz-üzə gələcək. “Qarabağ”la “Neftçi”nin əvvəlki 95 oyununda Ağdam klubu 41, paytaxt təmsilçisi 23 qələbə qazanıb, 31 görüş isə heç-heçə bitib. “Qarabağ” son oyunlarda ardıcıl 5 qələbə qazanıb. “Neftçi” 12 görüşdür əzəli rəqibinə qalib gəlmir.

Premyer Liqa
7-ci tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu.

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”.

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Tovuz şəhər stadionu.

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”.

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.