Premyer Liqa: “Mançester Siti” “Tottenhem” səddini də aşdı

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turundan təxirə salınmış oyunlar keçirilir.

Arena.az xəbər verir ki, bu gün bir qarşılaşma baş tutub.

Günün yeganə matçı Londonda yerli “Tottenhem”lə ötən mövsümün qalibi “Mançester Siti” arasında baş tutub. Lider “Arsenal”dan 1 xal geri qalan “şəhərlilər” çətin səfərdən qalib ayrılacağı halda sona bir tur qalmış zirvəyə yüksələcəkdi. Qarşılaşma elə Xosep Qvardiolanın rəhbərlik etdiyi çempionun qələbəsiylə yekunlaşıb. Nəticədə Mançester təmsilçisi növbəti çempionluq yolunda daha önəmli bir addım atıb.

Qeyd edək ki, sonuncu – 38-ci turda “Vest Hem”i qəbul edəcək “Mançester Siti” bu komandaya da qalib gəlməklə növbəti çempionluğunu rəsmiləşdirəcək. 86 xalla 2-ci pilləyə düşən “Arsenal” isə həlledici turda “Everton”u qəbul edəcək. “Şəhərlilər”in çempionluğu əldən verməsi üçün son turda uduzması, “topçular”ın isə mütləq qalib gəlməsi lazımdır.

Yeri gəlmişkən, bu məğlubiyyətdən sonra “Tottenhem”in də UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansları tükənib. 3-cü pillədəki “Liverpul” (79 xal) və 4-cü olan “Aston Villa” (68 xal) “mahmızlar” üçün əlçatmaza çevrilib. Hazırda 63 xalla 5-ci pillədə qərarlaşmış London təmsilçisi mövsümü elə indi mövqeyində başa vuracaq.

Sabah – mayın 15-də təxirə salınmış daha iki oyun baş tutacaq. “Brayton” “Çelsi”ni, “Mançester Yunayted” isə “Nyukasl”ı qəbul edəcək.

İngiltərə, Premyer Liqa
34-cü turun oyunları
14 may

Tottenhem – Mançester Siti 0:2
Qollar: Haland, 51; 90+1.

15 may

22:45. Brayton – Çelsi
23:00. Mançester Yunayted – Nyukasl