Premyer Liqa: Mövsümün ən yaxşı oyunçusu adına 7 namizəd

İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısı açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Geridə qoymaqda olduğumuz mövsümün ən yaxşı oyunçusu adına 7 namizəd göstərilib. Bunlar Kevin De Bruyne (“Mançester Siti”), Erlinq Haland (“Mançester Siti”), Harri Keyn (“Tottenhem”), Martin Edeqor (“Arsenal”), Markus Raşford (“Mançester Yunayted”), Bukayo Saka (“Arsenal”) və Kiran Trippyerdir (“Nyukasl”).

Mövsümün ən yaxşı futbolçusu turnirin rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticəsində müəyyənləşəcək. Səsvermə mayın 22-də yekunlaşacaq. Qalibin adı isə mayın 27-də elan ediləcək.

Ən yaxşı seçilməyə namizəd futbolçuların bu mövsüm Premyer Liqa çərçivəsindəki statistikaları isə belədir:

Kevin De Bruyne (“Mançester Siti”): 30 oyun, 22 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət. 7 qol, 16 asist.

Erlinq Haland (“Mançester Siti”): 33 oyun, 25 qələbə, 4 heç-heçə, 4 məğlubiyyət. 36 qol, 7 asist.

Harri Keyn (“Tottenhem”): 36 oyun, 17 qələbə, 6 heç-heçə, 13 məğlubiyyət. 27 qol, 3 asist.

Martin Edeqor (“Arsenal”): 35 oyun, 24 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. 15 qol, 7 asist.

Markus Raşford (“Mançester Yunayted”): 33 oyun, 18 qələbə, 6 heç-heçə, 9 məğlubiyyət. 16 qol, 5 asist.

Bukayo Saka (“Arsenal”): 36 oyun, 25 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət. 13 qol, 11 asist.

Kiran Trippyer (“Nyukasl”): 35 oyun, 18 qələbə, 12 heç-heçə, 5 məğlubiyyət. 1 qol, 6 asist.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün sona çatmasına 3 tur qalıb. Bir neçə komandanın isə təxirə salınmış oyunu var. Bunlardan biri də lider “Mançester Siti”dir. Buna baxmayaraq, Qvardiolanın komandası 85 xalla liderdir. “Arsenal” 81 xalla ikinci sıradadırsa, “Nyukasl” 66 xalla üçüncü pillədə qərarlaşıb.