Premyer Liqa: “Neftçi”nin Tovuz, “Qəbələ”nin Masazır sınağı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Neftçi” arasında baş tutacaq. Əzəli rəqiblər məlum səbəblərdən Tovuzda üz-üzə gələcəklər. Bu komandalar indiyə qədər 57 oyunda üz-üzə gəliblər. Gəncə təmsilçisi əvvəlki matçlarda 19, paytaxt klubu 28 qələbə qazanıb, 10 oyunda qalib müəyyənləşməyib. Son iki görüşdə meydan sahibi olan komanda quru hesabla qələbə qazanıb. “Kəpəz” son 2 ev qarşılaşmasında qol vurub.

Autsayderlər qrupunda qərarlaşmasına baxmayaraq, “Kəpəz” ardıcıl iki turdur qələbə qazanır. Sözügedən komanda “Qəbələ” (2:1) və “Sumqayıt”a (3:1) qalib gəlib. Adil Şükürovun kollektivi bu uğurun davamını gətirməyi bacarsa, “Araz-Naxçıvan”la aradakı xal fərqini daha da azaldacaq. Ötən tur “Qarabağ”a uduzmuş “Neftçi” isə Tovuzda bu uğursuzluğunu unutdurmağa və ön pillələrə qalxmağa çalışacaq.

Günün digər oyunu “Sabah”la “Qəbələ” arasında baş tutacaq. Bu komandalar indiyə qədər 21 oyunda üz-üzə gəliblər. Əvvəlki matçlarda “Sabah” 12, “Qəbələ” 6 qələbə qazanıb, 3 oyun heç-heçə bitib. Son üç oyunda meydan sahibi olan komanda qalib gəlib. “Sabah” son dörd ev görüşündə xal itirməyib.

Çempionatın aşkar autsayderi olan “Qəbələ” 15 xalla sonuncudur və son dörd matçında meydanı xalsız tərk edib. Qeyri-sabit çıxışı ilə seçilən “Sabah” isə son turda “Araz-Naxçıvan”a 2:0 hesabıyla qalib gəlib.

Premyer Liqa
26-cı tur
8 mart

“Səbail” – “Sumqayıt” 0:1
Qol: Kazimir Ninqa, 11.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Zöhrab Abbasov, Fərid Hacıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 19:00.

9 mart

“Kəpəz” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

“Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Masazır Arena”, 17:30.

10 mart

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 15:30.

“Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 18:00.