Premyer Liqa: Postekoqlu sentyabr ayının ən yaxşısıdır

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə çempionatında (Premyer Liqa) sentyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az Premyer Liqanın rəsmi saytına istinadən məlumat verir ki, müvafiq mükafat avstraliyalı mütəxəssis üçün cari 2023/2024 mövsümündə ikincidir.

Xatırladaq ki, Postekoqlu avqust ayında da Premyer Liqanın ən yaxşı məşqçisi seçilmişdi.

“Tottenhem”in çalışdırıcısı ayın ən yaxşısı adına digər namizədlər – Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Eddi Hau (“Nyukasl”) və Yurgen Klopu (“Liverpul”) geridə qoyub.

Sentyabrda avstraliyalı mütəxəssisin rəhbərliyi altında “Tottenhem” “Börnli” (5:2), “Şeffild Yunayted” (2:1), “Liverpul” (2:1) üzərində qələbələr qazanaraq, “Arsenal”la heç-heçə edib (2:2). Bu isə 4 oyunda 10 xal deməkdir.

Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. O, cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” yunanəsilli avstarliyalı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.

Xatırladaq ki, “Tottenhem” 8 turdan sonra İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 xalla liderdirlər. Eyni xala malik olan Londonun digər təmsilçisi “Arsenal” isə ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü son çempion “Mançester Siti” qapayır – “şəhərlilər”in 18 xalı var.