Premyer Liqa: Prinsipial matçlarda belçikalı və niderlandlı hakimlər

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 36-cı turunun növbəti təyinatları bəlli olub.

Arena.az xəbər verir ki, bu gün keçiriləcək üç qarşılaşmaya əcnəbi VAR hakimləri təyinat alıblar.

Belə ki, “Zirə” – “Səbail” matçında belçikalı Natan Verbumen, “Neftçi” – “Sabah” görüşündə niderlandlı Kley Ruperti, “Sumqayıt” – “Qəbələ” duelində isə onun həmyerlisi Ervin Blank iş başında olacaq.

Qeyd edək ki, prinsipial xarakter daşıyan hər üç görüş eyni saatda start götürəcək. Çünki bu komandaların əksəri avrokuboklara vəsiqə uğrunda mübarizə aparırlar. Hazırda avrokuboklara vəsiqə qazanmağa yaxın olan dörd komanda var. Bunlar 56 xalla 2-ci sırada olan “Neftçi”, 55 xalla 3-cü yerdə gedən “Zirə”, eyni xalla 4-cü olan “Sabah”, eləcə də 54 xalla 5-ci pillədə qərarlaşmış “Sumqayıt”dır. “Zirə” evdə “Səbail”ə, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlməklə üst pillələrdə qərarlaşmağa çalışacaq. Bu baxımdan “Neftçi” ilə “Sabah” arasındakı görüşə daha böyük maraq var. Çünki hər iki komanda avrokuboklara vəsiqə qazanmaq istəyir.

Premyer Liqa
36-cı tur
25 may

19:00. “Zirə” – “Səbail”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
VAR: Natan Verbumen.
AVAR: Kamran Bayramov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

19:00. “Neftçi” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
VAR: Kley Ruperti.
AVAR: Vüsal Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 19:00.

19:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
VAR: Ervin Blank.
AVAR: Eyyub İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.