Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünun medalçılarının mükafatlandırma mərasimi keçirilib. Arena.az xəbər verir ki, mərasim 28-ci turun “Qarabağ” – “Neftçi” görüşündən sonra “Azersun Arena”da təşkil olunub.
Tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medallar, “Neftçi”yə gümüş medallar təqdim edilib. Oyunu daha erkən başa çatan “Zirə” klubunun kollektivi də məhz “Azersun Arena”ya təşrif buyurub və bürünc medallarına qovuşub. Rəşad Sadıqovun çalışdırdığı kollektiv son turda doğma meydanda “Şamaxı” ilə qarşılaşıb – 0:0.
AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mərasimdə əvvəlcə “Zirə” bürünc medallara qovuşub. Bu, “qartallar”ın tarixində ikinci medalıdır. Qəsəbə təmsilçisi 2015/16 mövsümündə də gümüş medallara sahib çıxmışdı.
Daha sonra gümüş mükafatçı “Neftçi”nin futbolçuları, texniki heyət və rəhbərliyi gümüş medallarla təltif olunub.
Sonda isə qızıl medalların sahibi “Qarabağ” mükafatlandırılıb. Hələ 25-ci turda çempionluğu rəsmiləşdirən “köhlən atlar” 9-cu dəfə bu titula yiyələnib. Tədbirin sonunda “Qarabağ” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırıblar.
Yeri gəlmişkən, Ağdam klubunun qazandığı qızıl medallardan biri şəhid azarkeş Məhəmmədəli İbrahimlinin atasına verilib. Çempionluq kubokunu da şəhidin atası kapitan Maksim Medvedev və klub prezidenti Tahir Gözəllə birgə qaldırıb. Daha sonra xatirə fotosu çəkilib.
12 qolla Premyer Liqanın ən sərrast futbolçusu olan “Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesə də xüsusi mükafat verilib. O, Azərbaycan çempionatları tarixində Reynaldo Silvadan sonra 2-ci braziliyalı bombardirdir.


