Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 19-21 avqust aralığında keçiriləcək.
Lakin bu turun bir oyunu təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Belə ki, “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək. Ağdam klubu ÇL-in pley-offunda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq. Bu komandalar arasındakı oyunlar 17 avqustda Bakıda, 23 avqustda isə Plzendə baş tutacaq.
“Kəpəz” bu turda qəbul etməli olduğu “Qəbələ” ilə də Gəncədə qarşılaşmayacaq. 1-ci turda “Zirə” ilə Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələn Gəncə təmsilçisi, bundan sonrakı ev oyunları üçün “Qəbələ”nin stadionunu icarəyə götürüb. Belə ki, Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə, “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək. Bir sözlə, “Kəpəz” – “Qəbələ” stadionu elə qonaqların stadionunda keçiriləcək.
Azərbaycan Premyer Liqası
3-cü tur
19 avqust
Şamaxı – Səbail
Şamaxı şəhər stadionu, 16:30.
20 avqust
Sabah – Neftçi
“Bank Respublika Arena”, 20:30.
21 avqust
Kəpəz – Qəbələ
Qəbələ şəhər stadionu, 18:00.
Zirə – Sumqayıt
Mərdəkan. “Dalğa Arena”, 20:30.