Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun oyunlarına start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında lider “Qarabağ” uğursuz mövsüm keçirən “Sabah”ı qəbul edəcək. Sözügedən komandaların Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyununa saat 19:00-da start veriləcək.
“Qarabağ”la “Sabah” Premyer Liqada bu günə qədər 21 oyun keçiriblər. Bu oyunlarda Ağdam klubu 14, paytaxt təmsilçisi isə cəmi 1 qələbə qazanıb, qalan 6 matç heç-heçə bitib. “Sabah” son oyunlarda ardıcıl iki dəfə uduzub. “Qarabağ” son 4 görüşdə qol vurub.
Xatırladaq ki, bu komandalar son günlərdə Azərbaycan Kubokunda da qarşılaşmışdılar və ilk oyunda 7:1 hesablı qələbəyə sevinən Ağdam klubu evdə 3:4 hesabıyla uduzmasına baxmayaraq, yarımfinala vəsiqə qazanan tərəf olmuşdu.
“Qarabağ” hazırda 50 xalla vahid liderdir. “Sabah” isə 27 xalla 5-ci sırada qərarlaşıb. Ağdam təmsilçisi növbəti qələbəsini qazanmaqla xal fərqini artırmağa və izləyicilərindən uzaqlaşmağa çalışacaq. Bu qələbə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın “Braqa” komandası ilə səfər oyunu öncəsi komandada əhval-ruhiyyəni yaxşılaşdırmaq baxımından da böyük önəm daşıyacaq. “Sabah”ın əsas hədəfi isə liderdən xal və ya xallar almaqla komandada özünəinamı artırmaqdır.
Premyer Liqa
22-ci tur
11 fevral
“Qarabağ” – “Sabah”
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.
12 fevral
“Kəpəz” – “Səbail”
Qəbələ şəhər stadionu, 15:00.
13 fevral
“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 15:00.
“Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu, 17:15.
“Araz-Naxçıvan” –“Neftçi”
Bakı. “Dalğa Arena”, 19:30.